İşıqlar sönür və bununla da Bakının Formula 1-ə evsahibliyi uğurla başa çatır!
Bu gün, çəkilən bir neçə illik zəhmətin və məsuliyyətin bəhrəsinin – parlaq günəşli Bakıda ilk dəfə baş tutan möhtəşəm Formula 1 yarışının şahidi olduq.
Minlərlə insan Formula 1-in yeni vətəni Azərbaycana gələrək təntənəli açılış mərasiminə və sürət həddinin 360 km/saatı ötdüyü son dərəcə maraqlı keçən yarışa tamaşa etdi. Beləliklə, Bakı Şəhər Halqası dünyada ən sürətli şəhər treki olduğunu təsdiq etdi!
2016-cı il Formula 1 Avropa Qran Prisi
Niko Rosberq Azərbaycanın paytaxtı Bakıda bu il ilk dəfə təşkil olunan Formula 1 Avropa Qran Prisində hamından üstün nəticə göstərərək, dünya çempionatındakı liderliyini qoruyub saxlamağa müvəffəq oldu.
Mercedes AMG Petronas komandasının pilotu pol pozisiyasından öndə başlayaraq yarış ərzində və yeni şəhər trekinin 51 dövrəsinin hər birində liderliyini qoruyub saxlamağı bacardı. Onun bu tarixi qələbəsinin əhəmiyyətini daha da artırmaq üçün çempionluq uğrunda əzəli rəqibi və komanda yoldaşı Luis Hamiltonun yarışı beşinci yerdə bitirdiyini vurğulamaq yerinə düşər.
Rosberqin bu qələbəsi Rusiyadakı yarışdan sonra əldə etdiyi ən yüksək nəticə və mövsümdəki beşinci qələbəsi oldu. Beləliklə, Rosberq pilotların cədvəlində öz komanda yoldaşı ilə arasında olan fərqi 24-ə çıxardı.
Ferrari komandasının pilotu Sebastian Fettel ardıcıl olaraq ikinci dəfə yarışı ikinci yerdə başa vurdu. Üçüncü yerin sahibi Force İndia heyətinin pilotu Serxio Perez yaddaqalan yarış üslubu ilə üçüncü yer uğrunda mübarizədə parlaq qələbə qazandı.
Təəssüflə qeyd etməliyik ki, 2016-cı il Formula 1 Avropa Qran Prisinin rəsmi elçisi seçilmiş Fernando Alonso finişə yeddi dövrə qalmış McLaren Honda tərəfindən qaraja geri çağrılaraq Bakıda keçirdiyi ilk yarışdan məyusedici nəticə ilə ayrılmalı oldu.
FİA Formula 1 Dünya Çempionatının ən yeni mərhələsində yarış həyəcanı yenidən şəhər trekinə geri döndü və bu həftə sonu dünyanın ən məşhur pilotları Azərbaycana – Odlar Yurdu kimi tanınan ölkəmizə təşrif buyurdu.
Bakı dayanmadan inkişafa doğru can atan bir şəhər olmaqla yanaşı, öz zəngin tarixi irsini qoruyub saxlayır. 2016-cı il Formula 1 Avropa Qran Prisinin kuboku xüsusi dizayna malikdir. Bu kubok keçmişlə gələcəyin, müasirliklə qədimiliyin vəhdətini özündə əks etdirən, o cümlədən, dünyanın ən dəbdəbəli və həyəcanlı idman növünə ev sahibliyi edən nadir məkanı - Bakını simvolizə edir.
Bakını digər şəhərlərdən fərqləndirən cəhət burada YUNESKO-nun mühafizə edilən mədəni irs nümunələri siyahısına daxil edilmiş valehedici İçəri Şəhər kompleksinin, o cümlədən elit dizayner şirkətlərinə aid geyim mağazalarının, gözəl restoranların və barların, həmçinin, şəhərə təkrarolunmaz əhval-ruhiyyə bəxş edən ecazkar memarlıq nümunələri ilə əhatə olunmuş mərkəzi küçələrinin olmasıdır. Bu səbəblərdən, Bakını “Şərqin Parisi” adlandırırlar.
Yuxarıda sadaladığımız cəhətlər Bakıda keçirilən ilk Formula 1 yarışı üçün hazırlanmış, üçü qalib pilotlara və biri konstruktorlar kubokunun qalibi olmuş komandaya təqdim olunan dörd gümüş kubokun dizaynının hazırlanmasında öz əksini tapıb.
Kubokun dizaynına ön tərəfdən nəzər salsaq görərik ki, o, gümüş sütunun içərisində bükülmüş ənənəvi xalçanı və içəridən Azərbaycanın rəmzi sayılan alov effektini yaradan qırmızı qızılla cilalanmış təbəqəni özündə birləşdirir. Bu sütun öz növbəsində Xəzər dənizini əks etdirən və qələbənin rəmzi sayılan dəfnə həkk olunmuş minalı dəniz təbəqəsinin üzərində yerləşir. Gümüş təməlin üzərində, həmçinin, milli bayrağımızın rənglərini canlandıran üç rəngli halqa və öndə həkk olunmuş F1® loqotipi var.
Bu kubokun forması və dizaynı xüsusi olaraq, ölkəmizin tarixi irsini və mənsubiyyətini əks etdirmək üçün yaradılıb və Od, Külək və Suyun rəmzlərini təcəssüm etdirən, həmçinin, Birlik və və Tərəqqi konsepsiyaları əsasında yaranan milli simvolik elementlərin bədii təsvirini özündə cəmləşdirir. Bununla da, kubok bütün sadalanan elemenləri özündə birləşdirərək, Azərbaycan xalqının həyat sevgisini, gücünü, həmrəyliyini və məğrurluğunu nümayiş etdirir.
Formula 1 yarışından sonra keçirilən mətbuat konfransı:
Bu gün təşkil olunan ənənəvi Formula 1 mətbuat konfransında yarışda ilk üç yerə yiyələnmiş pilotlar media nümayəndələrinin suallarını cavablandırdılar. Mercedes komandasının pilotu Niko Rosberq, Ferrari komandasının pilotu Sebastian Fettel və Force İndia komandasını pilotu Serxio Perez yarışdan sonra öz təəssüratları barədə danışdılar:
Niko Rosberq: “Bu gün və ümumiyyətlə, həftəsonu həqiqətən də çox maraqlı keçdi. Bakıda bizi belə qonaqpərvərliklə qarşılayan hər kəsə təşəkkür edirəm. Yarış çox maraqlı idi, möhtəşəm trek inşa etmisiniz, bu trek həqiqətən də, həyəcanverici idi. Əlbəttə, yarış mənim üçün mükəmməl keçdi – sıralanma turu, final və ümumiyyətlə hər şey planlaşdırılan kimi oldu”.
Sebastian Fettel: “Hər şeydən əvvəl, hamıya öz təşəkkürümü bildirirəm. Biz Azərbaycana ilk dəfə gəlirdik. Bura gəlməmişdən əvvəl bizi nə gözlədiyindən məlumatsız idim, lakin indi qeyd etmək istərdim ki, trek əla idi, mən çox böyük zövq aldım və çox mehriban qarşılandım. Məncə, trek inanılmaz idi! Belə deyək, burada yarışmaq və bir-birinə yaxın bəzi döngələrdə yüksək sürətlə hərəkət etmək üçün yaxşı hazırlıq tələb olunurdu. Bu gün biz hamımız böyük səy göstərdik”.
Serxio Perez: “Bu gün podiuma çıxmaq ehtimalımın olduğunu bilirdim, amma buna çox çətinliklə nail oldum. İlk dövrədə inanılmaz həmlə edərək Williams və Toro Rosso komandalarını geridə qoyduq. Məncə, üçüncü yerə çıxmağımın əsas səbəblərindən biri bu oldu. Zənnimcə, trek bizim komandanın bolidi üçün əlverişli oldu. Aydındır ki, güc aqreqatı yaxşı idi və trek boyu tarazlığı saxlamağa müvəffəq olduq. Digər pilotlar, görünür, bizimlə müqayisədə daha çox çətinliklə üzləşdilər və mənim fikrimcə, bu, bizim yüksək mövqeyə yiyələnməyimizə zəmin yaratdı”.
Bakı Şəhər Halqasının əsas səhnəsində Farel Vilyamsın konserti baş tutdu
Bazar günü axşam saatlarında yaddaqalan həftəsonunda dünya musiqisinin ən məşhur və nüfuzlu ulduzlarında biri olan Farel Vilyams, əsas səhnədə keçirilən konsertində ifa etdiyi populyar hitləri ilə 2016-ci il Formula 1 Avropa Qran Prisinə yekun vurdu. Musiqi tarixində “Get Lucky”, “Happy” və “Frontin” kimi bir çox məşhur hitlərə imza atmış ifaçı, Bakıda ilk dəfə baş tutan Formula 1 yarışında sonuncu bolid finiş xəttini keçdikdən bir neçə saat sonra təqdim etdiyi mükəmməl çıxışı ilə dinləyiciləri təkrar-təkrar çoşdurdu.