2017 Formula 1 Azərbaycan Qran Prisi üçün biletlər
İndi al

Uzunluğu 6 km-dən bir qədər artıq olan Bakı Şəhər Halqası, trekin uzunluğuna görə dünyada ikincidir.

Unikal xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası elə təşkil olunub ki, yarış zamanı Formula 1 avtomobilləri YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil olan İçəri Şəhər tarixi-memarlıq qoruğunu, şəhərin müasir göydələnlərini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən Bakının ecazkar simasını görəcəklər. 

Layihənin müəllifi bütün müasir Formula 1 treklerinin memarı olan Herman Tilkedir. 

Bakı Şəhər Halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqamı qarşıya məqsəd qoymuşdular. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq. Ümumilikdə 30 minə yaxın tamaşaçı eyni anda yarışı tribunalardan canlı izləyə biləcək.

Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçəri Şəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7.6 metr təşkil edəcək. 

Start və Finiş xətti Azadlıq meydanında olacaq. Həmçinin burada Formula 1 Paddok Klubu, komandaların boksları və pit-leyn qurulacaq. 

19 və 20-ci döngələrdən sonra 1500 metrlik məsafədə 340 km/saat sürət yığacaq pilotları kəskin döngə gözləyir. Burada çox gözəl mənzərə yaranır. Bir yanda Formula 1 Paddok Klubunun arxasında görünən Hökümət Evi, digər tərəfdə isə start nöqtəsinə tərəf uzanan dənizkənarı yol. 90 dərəcəli sol döngədən sonra, piotlar 300 metrlik məsafədə görkəmli rus şairi A.S.Puşkinin adını daşıyan küçədən keçəcəklər. 

İkinci döngədən sonra Formula 1 bolidləri trekin Xaqanı küçəsi boyu 1 km uzanan və uzunluğuna görə ikinci böyük sürətlənmə xətti sayılan hissəsi gözləyir. Sonra pilotlar yenidən kəskin döngə ilə qarşılaşacaqlar.

Birinci və üçüncü döngə pilotlara ötmə üçün əla şərait yaradacaq. Şəhər treklərində çox nadir hallarda iki uzun sürətlənmə xətti görmək olar. Üçüncü döngədən sonra pilotlar sol tərəfə - Bülbül prospektinə doğru yol alırlar. 240 metrlik məsafəni düz keçdikdən sonra 90 dərəcəli sağ döngə ilə qarşılaşırlar. Bu düz yolun sol tərəfində gözəl mənzərəli Sahil bağı yerləşir. 

Daha sonra pilotlar Zərifə Əliyeva küçəsinə dönürlər, kiçik bucaqlı döngədən sonra 350 metr uzunluğunda məsafə qət edirlər. Növbə 5-ci və 6-cı döngəyə çatır. Bu döngələr pilotları Neftçilər prospektinin əks istiqamətindəki yola yönəldir. Bura trekin iki fərqli hissəsinin yan-yana olduğu bölmədir. Təxminən 300 metr məsafədə Formula 1 bolidləri eyni küçədə əks istiqamətlərdə hərəkət edəcəklər, onları yalnız baryerlər ayıracaq. 

Bununla, trekin müasir Bakının mərkəz hissəsini göstərən görüntülər sona çatır. Bakının bu əraziləri sanki cənubi Avropanı – Barselona və Nitsanı xatırladır. Bu ərazidə çox sayda mağaza, restoran və kafelər yer alır. Həmçinin, müasir memarlıq üslubunda tikilmiş bir neçə ticarət mərkəzi və gözoxşayan mənzərəyə sahib Xəzərin sahili trekə xüsusi gözəllik verir. Bəzi tribunalar bu zonada yerləşəcək. 

Yeddinci döngədən sonra pilotlar Əziz Əliyev küçəsi ilə İçəri Şəhərin qala divarlarına yönəlirlər. Bolidlər 500 metrə yaxın məsafəni ensiz küçələrdə qət edəcəklər. Bu yerlərdə trekin qismən səki hesabına genişləndirilməsi nəzərdə tutulub.

Trekin ən çox çətinliyə malik hissəsi 8-ci döngədən sonra başlayır. Şəhər trekinin bu hissəsi əlbəttə, onun vizit kartına çevriləcək. 8-ci döngədən sonra yol maksimal şəkildə daralır və bu hissədə pilotları kəskin yoxuş gözləyir. Pilotları sol tərəfdə YUNESKO tərəfindən qorunan İçəri Şəhərin qala divarları və giriş qapısı, sağ tərəfdə isə yaşayış binaları əhatə edəcək. Trekin bu hissəsi xüsusi özəlliyə sahibdir. Belə ki, hər il yarışdan bir neçə ay əvvəl Qoşa Qala qapılarına gedən bu yola müvəqqəti olaraq əvvəlcə qum səpiləcək, sonra isə xüsusi asfalt örtüyü çəkiləcək. Trekin iki fərqli hissəsində bu xüsusiyyətə sahib asfalt örtüyünün salınması nəzərdə tutulub. Onlardan biri trekin İçəri Şəhərin Qoşa Qala qapıları ətrafında yerləşən 150 metrlik hissəsində, digəri isə 15-ci döngədən sonra davam 300 metrlik hissədə. 

Tarixi irsimiz sayılan İçəri Şəhərin Qala divarlarının əhatəsindəki dar küçələrdən keçən pilotlar yenidən trekin geniş hissəsinə yönəlirlər. 8-ci və 11-ci döngələr trekin İçəri Şəhər ətrafındakı hissəsində yerləşir. Trekin bu hissəsində İçəri Şəhərin görüntüləri daha müasir küçələrlə davam edir. Bu ərazilər tamamilə milli mədəniyyəti əks etdirən binalarla zəngindir. Pilotlar 12-ci döngədən 15-ci döngəyədək İstiqlaliyyət küçəsi ilə davam edirlər. 

13 və 14-cü döngələr kiçik bucaqlı olduğundan, buradan pilotlar demək olar ki, əyləc sistemindən istifadə etmədən keçəcəklər. Bu küçədə pilotları Milli Elmlər Akademiyasının binası, sonra isə onları 15-ci döngədə Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyas qarşılayacaq. 12-ci döngədən 15-ci döngəyədək olan məsafə 850 metrdir. 15-ci döngədən sonra pilotları kəskin eniş gözləyir. Bu enişdə Xəzər dənizinin sahil boyu ərazilərinə tərəf gözəl mənzərə açılır. Burada 300 metr uzunluğunda ikinci xüsusi asfalt örtüyü salınacaq. Trekin bu hissəsində sol tərəfdə Filarmoniya bağı, sağ tərəfdə isə Azərbaycan Dövlət İncəsənət muzeyi yerləşir. 

16-cı döngə pilotları yenidən Neftçilər prospektinə yönəldəcək. Məhz bu küçədə birinci döngəyə tərəf sürətlənmə prosesi başlayacaq. Pilotlar yalnızca 17 və 18-ci döngələrdə sürəti biraz azaldacaqlar. 19-cu döngədə daha bir tarixi abidə ilə rastlaşırıq – Qız Qalası.

Bu döngədən sonra pilotlar 1500 metr məsafə qət edərək yenidən 1-ci döngəyə gəlib çatacaqlar. Trekin məhz bu hissəsində bolidlərin sürətinin ən yüksək həddə - 340 km/saata çatacağı gözlənilir. 


 


2017 Formula 1 Avropa Qran Prisinə biletlərin satışı haqqında ilk məlumatı Sən əldə et və Bakı Şəhər Halqası haqqında olan bütün yenilikləri bizdən öyrən.