2017 Formula 1 Azərbaycan Qran Prisi üçün biletlər
İndi al
Video: Bakı Şəhər Halqasının 3D Təqdimatı (3d-track-presentation-aze-final.mp4) script will run when this content is shown.

Bakı və onun tarixi

Bakı, Azərbaycanın paytaxtı və ən böyük şəhəridir. Eyni zamanda Xəzər dənizi sahilində və Qafqaz regionunda yerləşən ən böyük şəhər statusuna da malikdir. Bu şəhər, Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir. Üç milyon əhalisi olan Bakı, dəniz səviyyəsindən 28 metr aşağıda yerləşdiyi üçün dünyanın dəniz səviyyəsindən ən aşağıda yerləşən paytaxtı hesab olunur. Bakı,  Avropanın bir sıra şəhərləri ilə, o cümlədən İtaliyanın Neapol, Bosniyanın Sarayevo və Türkiyənin İzmir şəhərləri ilə qardaşlaşıb.  

Paytaxt şəhəri Azərbaycanın şərqində yerləşir və dünyanın ən böyük gölü sayılan Xəzər dənizi ilə əhatə olunub. Bakı, həmçinin, dünyada tayı-bərabəri olmayan Neft Daşları ilə məşhurdur. Xəzər dənizinin ortasında yerləşən Neft Daşları, dünyada ən qədim və ən geniş məskunlaşmış ofşor neft şəhəri hesab olunur.  

Bakı öz qonaqlarına müasir Avropa şəhərinin verə biləcəyi bütün əyləncələrdən zövq almaq və orta əsrlərdə yaranmış mədəniyyət və ənənələrlə tanış olmaq imkanı təqdim edir. 

Avropa və Asiyanın kəsişməsində yerləşən və dünyanın ən sirli yerlərindən hesab olunan Bakı dünya miqyaslı idman və mədəniyyət tədbirlərinə ev sahibliyi edir. Bu şəhər, qonaqları bitib-tükənməyən imkanlardan zövq almağa və  kəşf etməyə çağırır. 

Bakının bəlkə də ən maraqlı cəhətlərindən biri ondan ibarətdir ki, bu şəhər  günəşin doğduğu ilk Avropa şəhəridir. Gözəl mənzərəli şəhər yüksək təpənin üzərində salınıb və Bakı buxtasına tərəf açılan amfiteatr formasında təşkil olunub. Bu baxımdan, Bakını bəzən San-Fransisko ilə və ya İtaliyanın Bakı ilə qardaşlaşmış Neapol şəhəri ilə müqayisə edirlər.  

Bakı, “ziddiyyətlər şəhəri” adı ilə də məşhurdur. Bu şəhərdə cəmləşən qədim tarixi gözəlliyin və müasir Avropa şəhərinə xas olan heyrətamiz arxitektura, biznes mərkəzləri və göydələnlərin vəhdəti onu həqiqətən də təkrarolunmaz edir.  

Şəhər iki əsas hissədən ibarətdir: şəhərin müasir mərkəzi və qədim İçəri Şəhər.

İçəri Şəhər, habelə Qız Qalası və Şirvanşahlar Sarayı 2000-ci ildə YUNESKO-nun Dünyanın Mədəni İrsi siyahısına əlavə edilmişdir.

Bakı tarixən min illər boyu mövcud olub və Azərbaycanın memarlıq və mədəniyyət incisi kimi özünü təsdiq edib. Bakının İçəri Şəhərinin divarları arasında qonaqlar keçmişə qayıdaraq, daşla döşənmiş və labirinti xatırladan dar küçələri, qədim tikililəri, XII əsrə aid olan Qız Qalasını və Şirvanşahlar Sarayını kəşf edə bilərlər. Bakının müasir görkəmi də eyni dərəcədə güclü təsir bağışlayır. Yeni tikililər mənzərəli Bakı buxtasını əhatə edən təpələrin və sahil xəttinin görünüşünü dəyişir. 

Əfsanəvi Heydər Əliyev Mərkəzi məşhur memar Zaha Hadid tərəfindən layihələndirilib. Mərkəzdə dünya ulduzlarının konsert tədbirləri, muzey və müasir incəsənət sərgiləri keçirilir. Şəhərin qonaqlarına həmçinin, Milli İncəsənət Muzeyi və Müasir İncəsənət Muzeyini ziyarət etmək tövsiyə olunur.

Hündürlüyü 190 metrə çatan və alov formalı dizayna malik Bakı Alov Qüllələri şəhərin ən yüksək tikilisi olmaqla yanaşı, Bakının mahiyyətini də əks etdirir. Bakının yeni müasir görünüşünü simvolizə edən bu möhtəşəm binalarda mənzillər, otel və ofislər yerləşib. Alov Qüllələrinin hər birinin fasadı hər gecə LED işıqları vasitəsilə müxtəlif rənglərə boyanır və bu işıqlar şəhərin hər bir yerindən görünə bilən alov şölələrini canlandırır. 

Milli Bayraq Meydanında 162 metr hündürüyə ucalan bayraq dirəyi, dünyanın ən uzun bayraq dirəyi kimi Ginnesin Rekordlar Kitabına daxil olmuşdur. 2012-ci ildə xüsusi olaraq “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi üçün tikilmiş Bakı Kristal Zalında Cenifer Lopez, Rihanna və Şakira kimi məşhur ulduzların konsertləri təkil olunmuşdur.


Bakını kəşf edin

Alış-veriş

Bakıda alış-veriş imkanları get-gedə artmaqdadır. Dəblə maraqlananlar və gizli cəvahirləri kəşf etməyi xoşlayanlar Bakıda axtardıqları hər şeyi tapa bilərlər. Büdcənizin həcmindən asılı olmayaraq, Bakıdakı autletlərdə mütləq özünüzə uyğun nəsə tapa biləcəksiniz. 

Bakı öz xalçaçıları ilə məşhurdur və onların toxuduğu xalçalar hədiyyə, suvenir və ya xatirə kimi əldə oluna bilərlər. Bəzi xalçalar sözün əsl mənasında sənət əsəri hesab oluna bilərlər. Xalça satıcılarının böyük hissəsi İçəri Şəhərdə yerləşib və burada münasib qiymətə hədiyyə əldə etmək üçün satıcı ilə qiymət haqqında sövdələşməlisiniz! 

Bakı, həmçinin, bir çox incəsənət və sənət nünunələri ilə əlaqədar sərgilərin təşkil olunduğu məkandır. Eyni zamanda, Azərbaycanın digər bölgələrində də sənətkarlıq nümunələrini, ipək və digər yerli malları küçə piştaxtalarında əldə etmək mümkündür. 

Yerlilər kimi qidalan 

Azərbaycanın olduqca zəngin mətbəxi bir çox millətlərin mətbəxindən ilham alır, amma buna baxmayaraq, öz təkrarolunuzmazlığını qoruyub saxlayır.

Bakını ziyarət edəndə siz müxtəlif müasir mətbəx incilərini, ətirli Asiya yeməklərini yaxud İtaliya klassik mətbəxinin nümunələrini dada bilərsiniz. Lakin qonaqların böyük hissəsi yerli yemək növlərinə - kabab, aş (düyü və quzu və ya balıq ətlərindən və qurudulmuş şirin tamlı meyvələrdən hazırlanan qara) və müxtəlif balıq yeməklərinə (içliyi doğranmış qoz və soğandan hazırlanmış ləvəngi və s.) üstünlük verir. 

Dünyada mövcud olan iqlim növlərindən doqquzuna Azərbaycanda rast gəlinir. Bunun nəticəsində Azərbaycanın torpaqları münbitdir və bu torpaqlarda saysız-hesabsız tər göyərti və tərəvəz növləri yetişir ki, onların təravəti yerli yeməklərin keyfiyyətinə öz töhfəsini verir. Yemək, Azərbaycan mədəniyyətinin əhəmiyyətli parçasıdır və millətin tarixi, ənənələri və dəyərləri ilə sıx bağlıdır.

Bakıya səfəriniz armudu stəkanda Azərbaycan çayını dadmadan tam sayıla bilməz. Çayın yanında müxtəlif Azərbaycan şirniyyatları, ev üsulu ilə hazırlanmış mürəbbələr və quru meyvələr də təklif olunur. Bakıda çay dəsgahından zövq almaq üçün ən yaxşı məkan yay axşamlarında açıq havada dincələcəyiniz və həzz ala biləcəyiniz çayxanalardır.

Gecə həyatı

Bakı, gecələr böyük metropolislər kimi işıqlanır və əsrarəngiz ultra-modern görünüşə qərq olur. “Lonely Planet”-in reytinqinə görə Bakı, maraqlı gecə həyatı baxımından dünyanın ilk 10 şəhəri sırasına daxildir.

Bakının gecə həyatı adətən səhər saatlarına kimi, hətta bəzən növbəti gün də davam edə bilər. Azərbaycanlılar əylənməyi sevirlər və Bakı kimi müasir, azad və zəngin şəhərdə əylənmək üçün bir çox imkan mövcuddur.

Bakının kafe mədəniyyəti və ictimai həyatı Bakı Bulvarı ətrafında formalaşıb. Bakı Bulvarı mağazalar, restoranlar, kafelər, klublar və ailəvi istirahət üçün nəzərdə tutulan əyləncə mərkəzləri ilə zəngin 6 kilometrlik gəzinti məkanından ibarətdir. Burada qonaqlar Xəzər dənizinə baxan terraslarda ləziz yeməklər və kokteyllər dada bilərlər. Canlı musiqi yüksək enerjili və coşğun gecə həyatını əks etdirir. Qonaqlar yerli rok qruplarını dinləyə, karaoke barlarında əylənə və Bakının təkrarolunmaz cazını və ənənəvi muğam musiqisini dinləyə bilərlər. Barlar, klublar və diskotekalar xüsusilə həftəsonları səhərə kimi açıq olur.

Gecə klublarının böyük əksəriyyəti son onilliklərdə neft sənayesində işləyən əcnəbilərin şəhərə axını zamanı açılıb. Yeməklərin və içkilərin qiyməti münasibdir. 

Teatr

Bakının teatr tarixi qədimdir. Şəhərdə bir çox teatr növləri, o cümlədən Pantomima və Kukla teatrları vardır. Azərbaycan Yaxın Şərqdə operanın ilk vətəni sayılır. 

Azərbaycan xalqının həyat tərzi, qeyd etdikləri bayramlar, onların ənənələri və dünyagörüşü teatrda öz əksini tapmışdır. Ənənəvi mərasimlər, geyimlər və danışıq tərzi Azərbaycan teatr ənənəsinin tərkib hissəsidir. Bədii geyimlər, maskalar, milli rəqslər, xor mahnılarının və rəqslərin vəhdəti Azərbaycanlıların bədii həyatını səciyyələndirir.  

Sovet idarəçiliyi yerini müstəqil Azərbaycan hakimiyyətinə verdikdən sonra teatrın inkişafı uzun yol keçmişdir. Sovet illərində teatr Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini, habelə müasir, mədəni və ənənəvi mövzuları əks etdirirdi. Müstəqillikdən sonrakı illərdə Azərbaycan teatrı çox dəyişdi, müasir mövzular və hadisələr teatrda aparıcı rol oynamağa başladı. Azərbaycan teatrı xarici qastrollara çıxmağa, uzaq ölkələrdə Azərbaycan mədəniyyəti və ənənələrini təbliğ etməyə başladı. 

Muzey və sərgilər 

Azərbaycan mədəniyyətinin, tarixi ənənələrinin və müstəqillik mübarizəsinin tarixi zəngindir. Bakıda bu rəngarəng və zəngin keçmişi əks etdirən bir çox sərgilərə rast gəlmək mümkündür.


2017 Formula 1 Avropa Qran Prisinə biletlərin satışı haqqında ilk məlumatı Sən əldə et və Bakı Şəhər Halqası haqqında olan bütün yenilikləri bizdən öyrən.