Formula 1 Avropa Qran Prisinə bilet əldə etmiş azarkeşlər üçün həftəsonu ərzində fasiləsiz əyləncə proqramında əyləndilər. Proqram, dünya səviyyəli ulduzların səhnə performansları və uşaqlar üçün təşkil olunmuş müxtəlif əyləncə növləri ilə zəngin oldu.
Bütün əyləncə məkanları gözəl mənzərəli Xəzər dənizinin sahili boyu uzanan Dənizkənarı Bulvarda yerləşən əyləncə zonalarında təşkil olunub.
Cümə günü axşam saatlarında Kris Braun özünün yüksək enerjili məşhur şousu ilə möhtəşəm musiqi və idman həftəsonuna rəng qataraq əyləncə proqramına start verdi. Amerikalı müğənni, bəstəkar və rəqqas trekdə yarışın ilk günü sona çatdıqda, minlərlə Formula 1 azarkeşinin qarşısında özünün “Yeah3x”, “Look At Me Now” və “Beautiful People” kimi məşhur hitlərini ifa etdi.
Şənbə axşamı dünyanın ən məşhur canlı musiqi ifaçısı adını qazanmış Enrike İqlesias coşğulu konsert proqramı ilə səhnədə yer aldı. “Latın Pop Musiqisinin Kralı” kimi tanınan ispan əsilli müğənni səhnədə özünün “Hero”, “Bailamos” və “I Like It” kimi məşhur hitlərini səsləndirdi. Ehtiraslı balladaları və yüksək enerjili rəqs musiqilərindən ibarət albomları ilə dünyada 137 milyon ədəd satış rekordu qıran ifaçı, təsnifat yarışları sona çatdıqdan sonra Dənizkənarı Bulvarda yerləşən Formula 1 Şəhərciyində öz mahnıları ilə tamaşaçıları coşdurdu.
Bazar axşamı yaddaqalan yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış və nüfuzlu ulduzlarından biri olan Farel Vilyams əsas səhnədə yer alaraq öz məşhur musiqi proqramı ilə 2016-ci il Formula 1 Avropa Qran Prisinə yekun vurdu. Bir çox istedada malik amerikalı ifaçı, bəstəkar və prodüser musiqi tarixində "Freedom", “Get Lucky”, “Happy” və “Frontin” kimi populyar hitlərinin və sadalamadığımız digər musiqi parçalarının müəllifi kimi tanınır. 2016-cı il Formula 1 Avropa Qran Prisində sonuncu avtomobil finiş xəttini keçdikdən bir neçə saat sonra Vilyamsın mükəmməl ifası ilə Bakıda ilk dəfə keçirilən Formula 1 tədbiri yekunlaşdı.
Pilotlarla avtoqraf sessiya
Qran Pri həftəsonu ərzində Formula 1 pilotları ilə görüş və avtoqraf sessiyaları təşkil edildi.
Azərbaycan Mədəniyyəti Guşəsi
F1 izləyiciləri burada Azərbaycanın tarixi sənətkarlıq və ticarət ənələrinin sirləri ilə - xalça toxuma, şüşə üzərində nəqqaşlıq, qurama sənəti, dulusçuluq, şəbəkə, çekanka, taxta üzərində oyma, miniatür musiqi alətlərinın hazırlanması, araxçın və çarıq hazırlanması, naxış tikmə və kələğayı boyama ilə tanış oldular. Həmçinin, milli şirniyyat növlərini və məşhur Azərbaycan çayını dada bildilər.
Səyyar Əyləncə Proqramı
Yarış günləri ərzində ticarət və əyləncə məkanlarında müxtəlif səyyar məzhəkəçi aktyorların iştirakı tamaşaçıların əyləncəsinə xüsusi rəng qatdı. Səyyar proqrama Güzgü Adam, aktyor Spandy Andy, Ağacayaq, Küçə Rəssamları, Titan Robot və Ənənəvi Azərbaycan Rəqqaslarının rəqsləri daxil idi.
Ailəvi Əyləncə
Uşaqlar üçün üz boyama, habelə, F1 mövzusunda saç kəsimləri, karikatura ustalarının işləri, o cümlədən, dırnaq boyama və xına naxış sənəti nümunələri nümayiş etdirildi. Bakı Şəhər Halqasında keçirdiyiniz həftəsonunu əbədiləşdirmək üçün böyük #F1Baku həştəqinin qarşısında və ya podiumun ən üst pilləsində şəkil çəkdirirmək fürsətindən yararlanın.
Uşaqlar, həmçinin, Bulvarda daimi xidmət göstərən müxtəlif attraksionlarda – elektromobillərdə, pirat gəmi-yelləncəklərində, qorxu otaqlarında, vertikal qüllələrdə və digər karusellərdə əyləndilər.
F1 Oyun Zonası
F1 Oyun Zonasında təşkil olunan simulyatorda Formula 1 sükanın arxasına keçərək, dostlarınızla yarışmaq fürsətdən faydalanın. Həftəsonu ərzində dövrəni başa vuran ən sürətli iştirakçı eksklyuziv Formula 1 Paddokunun səhnəarxasına giriş hüququ əldə edir.
Formula 1 Rəsm Qalereyası
Bulvarda təşkil olunmuş qalereyada Formula 1 tarixinə səyahət edə və Formula 1 Dünya Çempionatının 65 illik tarixini və həyəcanını əks etdirən fotolarla tanış ola bilərsiniz.
Akva Skript Su Paneli
12 metrlik su paneli Qran Pri həftəsonu ərzində baş verənlər haqqında məlumatı dinamik şəkildə əks etdirəcək.
3D Yerüstü Qraffiti
Bulvar ərazisində yerləşən müxtəlif yerüstü 3D illuziya incəsənət nümunələri ilə tanış olun və şəkil çəkdirin.
İstirahət Zonası
Əgər trekdə dincəlməyə yer axtarırsınızsa, Bakı Şəhər Halqası sizin üçün onu da təşkil edib. Trekdəki hərəkətdən bir qədər uzaqlaşmaq istəsəniz, çuval formalı rahat oturacaqlarda, çətirlərin altında, divanlarda, kiçik masalarda və şezlonqlarda istirahət edin.
Ramazan Çadırı
Ramazan ayı ərzində oruc tutan tamaşaçılar axşam saatlarında xurma və sularla öz oruclarını aça bilərlərlər.
Dırmaşma Divarı
8 metr hündürlüyə malik dırmaşma divarını fəth etməyə cəhd göstərin.
Hava Turbini
Bakı Şəhər Halqasında təşkil olunan hava tunelində uçmağın həyəcanını hiss edin.
Yarımdairəvi Skeyt Parkı
Müxtəlif maili enişlərdən və relslərdən ibarət skeyt parkda skeytbordçular və birçarxlı konki sürənlər öz məharətlərini nümayiş etdirəcəklər.
Batut Şousu
Təcrübəli akrobatlar batut şousu ilə tamaşaçıları əyləndirəcəklər. Eyni zamanda, tamaşaçılar batut üzərində hərəkətlər barədə qısa təlimdə iştirak edə bilərlər.
Motosiklet Şousu
Təcrübəli motosikletçilər böyük ölçülü dəmir kürənin içərisində azarkeşlər üçün motosikletlərlə mürəkkəb nömrələr nümayiş etdirəcəklər.
Uşaqlar üçün Sürücülük Məktəbi
Uşaqlar əyləncəli və təhlükəsiz mühitdə yol hərəkəti qaydalarını öyrənə bilərlər.
Uşaqlar üçün Kartinq
Həftəsonu ərzində uşaqlar müvəqqəti kartinq halqasında dövrələri daha tez zamanda başa vurmaq üçün yarışacaqlar.